ABŞ-ın telekommunikasiya operatoru AT&T (T.N) və Finlandiyanın “Nokia” şirkəti səs rabitəsini yaxşılaşdırmaq və 5G şəbəkəsinin avtomatlaşdırılmasını təkmilləşdirmək üçün çoxillik müqavilə imzalayıb.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, ötən ilin sentyabr ayında da “Nokia” ilə AT&T arasında ABŞ-da şirkətin simsiz şəbəkəsini (şəbəkənin 70 faizini əhatə edən) qurmaq üçün müqavilə imzalanmışdı.
“Şəbəkə əməliyyatlarımızı daha da optimallaşdırmaq və müştərilərimizin artan tələbatlarını daha yaxşı dəstəkləyən yeni xidmətləri təmin etmək üçün “Nokia” ilə əlaqələrimizi davam etdirməyə məmnunuq”, - deyə müqavilə ilə bağlı AT&T (T.N) şirkəti qeyd edib.
“Nokia” şirkəti isə açıqlaması zamanı bildirib ki, şirkət üçün vacib olan bu müqavilə 5G funksiyalarını təmin edəcək texnologiyaları əhatə edir. AT&T-in əsas şəbəkəsinin təkmilləşdirilməsi ilə yeni səs xidmətlərinin istifadəyə verilməsi, süni intellekt və “machine learning”in inteqrasiya edilməsi ilə - mümkün olacaq.
Şirkətlər müqavilənin dəyərini açıqlamayıb.