ABŞ Avropa mallarına rüsumlar tətbiq edərsə, Avropa İttifaqı (Aİ) ABŞ-nin ən böyük İT şirkətlərinə qarşı cavab tədbirləri görə bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazıb.
"Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp bloka qarşı rüsum tətbiq etmək təhdidlərini həyata keçirərsə, Silisium Vadisinə qarşı cavab tədbirləri planlaşdırır", - məlumatda qeyd olunub.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Avropa Komissiyası "məcburiyyətə qarşı alət" tətbiq edə bilər. Bu da Amerika xidmət sektoruna, xüsusilə də ən böyük İT şirkətlərinin fəaliyyətinə təsir edəcək tədbirlərin tətbiqinə imkan verəcək. Avropa İttifaqı "bütün variantlar"ı nəzərdən keçirir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də bəyan edib ki, Aİ Avropa mallarının ABŞ-a idxalına rüsumların mümkün tətbiqinə hazırlaşıb, praqmatik siyasət aparacaq və lazım gələrsə danışıqlar aparacaq.
D.Tramp fevralın 1-də Aİ-dən gələn mallara idxal rüsumları tətbiq edəcəyini bildirib. “The Telegraph” qəzetinin məlumatına görə, Ağ Ev 10 faiz həcmində tariflər müəyyən edə bilər.