Dünyada hər beş uşaqdan biri müharibə və ya münaqişə zonasında yaşayır və onların sayı getdikcə artmaqdadır. Münaqişələrin nəticəsi olan aclıq, dağıdılmış infrastruktur və tibbi imkanlardan məhrumiyyət səbəbindən isə hər il beş yaşadək yüz mindən artıq uşaq həyatını itirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat “Save the Children” beynəlxalq qeyri-hökumət təşkilatının yaydığı ənənəvi hesabatda yer alıb.
Qeyd edilir ki, hər il dünyanın müharibə və münaqişələrin ən ağır zərbə vurduğu on ölkəsində yüz mindən artıq körpə həlak olur. Hesabatda bildirilir ki, uşaqların həyatı üçün ən yüksək təhlükənin mövcud olduğu ölkələr bunlardır: Əfqanıstan, Yəmən, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Suriya, İraq, Nigeriya, Somali və Mali. Həmin on dövlətdə 2013-2017-ci illər ərzində münaqişələr nəticəsində 868 min nəfər beş yaşadək uşaq həyatını itirib. Həmin dövr ərzində böyüklər arasında döyüşlərdə həlak olanların sayı 175 min nəfər olub.
2018-ci ildə təşkilatın hesabatında hər altıncı uşağın münaqişə bölgəsində yaşadığı qeyd edilirdisə, 2019-cu ildə bu rəqəm hər beş uşaqdan birinə yüksəlib. 2017-ci ildə münaqişə bölgələrində yaşayan azyaşlıların sayı təxminən 420 milyon nəfər olub və müqayisə üçün bildirilməlidir ki, ötən əsrin 90-cı illərinin əvvəlində bu göstərici iki dəfə az olub.
1919-cu ildə İsveçrənin Sürix şəhərində əsası qoyulan “Save the Children” qeyri-hökumət təşkilatı dünyada uşaqların hüquqlarını müdafiə edən ən böyük müstəqil qurumlardan biridir. Təşkilat hazırda uşaqlara qarşı beynəlxalq və insan haqlarının pozulmasını araşdırmaq üçün xüsusi müstəqil komissiyanın yaradılması istiqamətində çalışır.