Hamımızı dərindən sarsıdan, qəlbimizdə böyük yaralar açan, xalqımızın yaddaşında silinməz izlər qoyan 6 fevral zəlzələlərinin ikinci ildönümü, itirdiyimiz 53 537 qardaş-bacımızın hər birinə Allahdan rəhmət diləyirəm.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.
Dövlət başçısı zəlzələdə həlak olan insanların ailələrinə, xalqa səbir diləyib:
“İlk gündən dövlət, xalq olaraq “bir olacağıq” dedik və zəlzələdən zərər çəkmiş bölgələrdən bir an belə əlimizi çəkmədik. Bundan sonra şəhərlərimiz tam ayağa qalxana qədər quruculuq və dirçəliş işlərimizi zəhmət, alın təri, mətanət və polad iradə ilə davam etdirəcəyik.
Sarıdığımız yaraları tam sağalana və bütün vətəndaşlarımız təhlükəsiz və isti yuvalarına qovuşana qədər əzmimizdən geri çəkilməyəcəyik.
Torpağa tapşırdığımız canlarımızın əziz xatirələrini aminlərlər, fatihələrlə, yasinlərlə və dualarla qəlbimizdə yaşatmağa davam edəcəyik.
Allah ölkəmizi, xalqımızı belə bəlalardan qorusun”.
Xatırladaq ki, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür. 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb.