Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi 2025-ci ilin yanvar ayında rekord səviyyəyə - 48,6 milyon tona çatıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz çoxdur.
NUHÇIXAN xəbər verir ki, bunu fevralın 9-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu söyləyib. Onun sözlərinə görə, yanvar ayında Türkiyənin dəniz limanlarına yüklərin daşınması üzrə lider ölkə Rusiya olub, Türkiyə məhsullarının ixrac həcminə görə isə İtaliya, ABŞ və İspaniya liderlik edib.
Cari ilin ilk ayında Türkiyədə yüklərin dövriyyəsi üzrə lider limanlar Aliağa (7,72 milyon ton), Kocaeli (7,71 milyon ton) və İskəndərun (6,6 milyon ton) olub.
Nəqliyyat naziri vurğulayıb ki, Türkiyə hökuməti qlobal dəniz yükdaşımalarında ölkənin payını artırmaq istiqamətində bütün zəruri tədbirləri görməyə davam edəcək.