Ermənistanın baş naziri Nikol Paşinyan erməni cəmiyyətində nüfuzunu artırmaq məqsədilə ötən ilin noyabrında imzaladığı əfv fərmanından peşman olub. Məsələ ondadır ki, daha çox siyasi məqsəd daşıyan bu addımın nəticəsində paytaxt Yerevan və digər rayonlarda cinayətkarlıq görünməmiş həddə çatıb.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan Nazirlər Kabineti amnistiya mexanizmindən imtina edilməsi və onun yerinə məhkumların vaxtından əvvəl azad olunması qaydalarını müzakirə edir. Paşinyan hökumətin iclasındakı çıxışında bildirib ki, əfv olunan residivist cinayətkarlar yenidən həmin cinayətlərə görə həbs edilirlər. Onun sözlərinə görə, vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün bütün cinayətkarların əfvi əvəzinə bəzilərinin vaxtından əvvəl azadlığa buraxılması mexanizmi işlənib hazırlanmalıdır.
2018-ci ildə və cari ilin ilk aylarında qarət, mənzil oğurluğu və dələduzluq kimi cinayətlərin sayının kəskin artması erməni cəmiyyətini narahat edib. Bu ölkənin vətəndaşları bildirirlər ki, hər dəqiqə təhlükə ilə üzləşəcəklərindən ehtiyat edirlər. Məhz bu səbəbdən residivlərin sayının azaldılması üzrə yeni plana hər bir məhkuma fərdi yanaşma, onların davranışının və islah olunma ehtimalının nəzərə alınması daxil edilib.