ABŞ-nin “Google” korporasiyası 1 milyon Polşa vətəndaşına süni intellektlə (AI) işləməyi öyrədəcək.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “Google”un baş icraçı direktoru Sundar Piçay ilə görüşdən sonra bildirib.
"Google” layihənin həyata keçirilməsinə başlayacaq və 1 milyon Polşa vətəndaşına müasir texnologiyalardan, o cümlədən süni intellektdən istifadəni öyrədəcək", - Baş nazir mətbuat konfransında qeyd edib.
ABŞ korporasiyası bu məqsədlər üçün beş il ərzində 5 milyard dollar ayıracaq.
Bundan əlavə, S.Piçayın sözlərinə görə, Polşanın İnkişaf Fondu və “Google” süni intellektin tətbiqi sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb. O bildirib ki, bu texnologiyadan geniş istifadə Polşa iqtisadiyyatının 8 % böyüməsinə imkan verəcək.