Almaniyada demokratiya uğrunda və ifrat sağa qarşı etirazlar bu həftə sonu da davam etdirilib. Bir sıra şəhərlərdə keçirilən etiraz aksiyalarına on minlərlə insan qatılıb.
NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, Berlinin mərkəzində yerləşən Bebel meydanında təşkil olunan mitinqə 30 minə yaxın insan, o cümlədən bir sıra tanınmış şəxs qatılıb. Etiraz aksiyasını sıralarında 66 təşkilatı birləşdirən “Əl-Ələ” (Hand in Hand) ittifaqı təşkil edib.
Mitinqlər Almaniyanın müxtəlif şəhərlərində keçirilib.
Etirazların növbəti həftələrdə də davam etdirilməsi planlaşdırılır.
Xatırladaq ki, Xristian Demokratlar İttifaqının (CDU) ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifinin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə Almaniya üçün Alternativ (AfD) partiyasının dəstəyi ilə qəbul edilməsi ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu. Birliyin yanvarın 31-də parlamentdə səsə qoyulan qanun layihəsi isə AfD-nin və digər partiyaların dəstəyinə baxmayaraq, qəbul olunmasa da, ölkədə etirazlar davam etdirilib.