Ermənistan hökumətinin vəd etdiyi sərmayələr beş ildən sonra hətta 2008-ci il səviyyəsinə də çatmayacaq. NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə müsahibəsində “Ermənistanın tərəqqisi” fraksiyasından olan deputat Mikael Melkumyan bildirib.
Paşinyan hökumətinin proqramının iqtisadiyyat bölməsini şərh edən deputat qeyd edib ki, sərmayələrin həcminin ÜDM-nin 23 faizinə qaldırmaq (indiki 15,5 faiz həcmindən) o deməkdir ki, bu göstərici 2008-ci ildəki 41 faiz səviyyəsindən də aşağı olacaq. Onun sözlərinə görə, illik 120 milyon dollar investisiya həddindən artıq azdır, hətta 7-7,5 faizlik iqtisadi artım olsa belə, insanlar öz güzəranında bunu hiss etməyəcək. Deputat olun da əlavə edib ki, ölkə iqtisadiyyatının normal fəaliyyət göstərməsi üçün ildə ən azı 2,5-3 milyard dollar sərmayəyə ehtiyac var.
Melkumyan bildirib ki, Ermənistanın kredit resursları ilə bağlı böyük çətinlikləri mövcuddur və bu səbəbdən sahibkarlar üçün əlverişli kreditlər əlçatmazdır.
Xatırladaq ki, Ermənistan parlamenti gırgin müzakirələrdən sonra hökumətin “İqtisadi inqilab” adlanan proqramını təsdiq edib. Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyası bu layihənin lehinə, parlamentin digər iki fraksiyası isə əleyhinə səs veriblər.