Bütün əsirlərin mübadiləsi sülh yolunda ilk addım olmalıdır və Ukrayna ədalətli varianta – “hamının hamıya” prinsipi əsasında əsir mübadiləsinə hazırdır.
NUHÇIXAN Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa liderlərinin iştirakı ilə keçirilən iclasda bildirib.
"Müharibəyə son qoymaq vəziyyətin özünə etibarı bərpa edən addımlarla başlamalıdır. Çünki Rusiya Federasiyasının özünə etibar yoxdur", - o qeyd edib.
V.Zelenskinin sözlərinə görə, bu addım əsirlərin azad edilməsi ola bilər.
"Minlərlə insan Rusiyada saxlanılır. Onların bəziləri 2022-ci ildən, hətta daha əvvəl, 2014-cü ildən oradadır. Rusiya ukraynalıları azad etməlidir. Ukrayna “hamını hamıya” prinsipi ilə mübadiləyə hazırdır və bu, ədalətli variantdır", - o vurğulayıb.