Sergey Lavrov: Bu həftənin sonunda növbəti Rusiya-ABŞ danışıqları olacaq

A- A A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi, fevralın 24-də bildirib ki, Rusiya ilə ABŞ arasında yeni görüş bu həftənin sonunda baş tutacaq.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Lavrov Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə mətbuat konfransında bildirib ki, diplomatik missiyaların fəaliyyətindəki maneələri aradan qaldırmaq üçün bu həftə Rusiya ilə ABŞ arasında tam tərkibdə danışıqlar aparılacaq. O əlavə edib ki, həmkarı Hakan Fidana ötən həftə Səudiyyə Ərəbistanında ABŞ ilə aparılmış danışıqların nəticələri barədə məlumat verib.

Lavrov daha sonra deyib: “Biz türk dostlarımıza fevralın 18-də Ər-Riyadda baş tutan və çoxsaylı ziddiyyətlərə baxmayaraq, təbii ki, normal dialoqun aparılması imkanı baxımından yüksək qiymətləndirilən Rusiya-ABŞ danışıqları barədə ətraflı məlumat verdik”.

Ukrayna münaqişəsinin həlli perspektivləri ilə bağlı suala cavab verən rusiyalı nazir deyib ki, Moskva Ukrayna, Avropa və istənilən tərəflə danışıqlara hazırdır, lakin döyüşlər yalnız Moskva üçün məqbul olan nizamlanma əldə edildikdə dayandırılacaq. Lavrov xatırladıb ki, Rusiya dəfələrlə atəşkəs elan edib. Onun sözlərinə görə, Ukrayna tərəfin bundan öz mövqelərini möhkəmləndirmək üçün istifadə edib. “Biz Ukrayna, Avropa və sülhün əldə olunmasına kömək etmək istəyən hər bir nümayəndə ilə danışıqlara hazırıq, lakin bu danışıqlar Rusiya Federasiyasına uyğun olan qəti və davamlı nəticə verdikdə mübarizəni dayandıracağıq”, -deyə rusiyalı nazir vurğulayıb.

O, həmçinin bildirib ki, 2022-ci ilin aprelində İstanbulda Ukrayna ilə razılaşma əldə olunub, amma Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson buna əngəl törədib və Qərb Rusiyanı zəiflətmək üçün onun həyata keçirilməsinə mane olub.

Lavrovun sözlərinə görə, Moskva Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya ilə danışıqlara ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir. O, həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya qoşulmaması gələcək sülh sazişində mütləq şərt olmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: