Türkiyə və Rusiya XİN başçıları mətbuata birgə açıqlama veriblər

A- A A+

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan rusiyalı həmkarı Sergey Lavrov ilə birgə mətbuata açıqlama veriblər.

NUHÇIXAN xəbər verir ki, açıqlamasında Türkiyə və Rusiyanı bilavasitə və dolayı yolla maraqlandıran bütün məsələlərdə məsləhətləşməni və koordinasiyanı artırmağın böyük fayda verəcəyinə inandıqlarını bildirən Hakan Fidan Türkiyə və Rusiya prezidentlərinin göstərdiyi hədəflər çərçivəsində ikitərəfli və beynəlxalq məsələlərdə əməkdaşlığı daha da dərinləşdirməyi hədəflədiklərini deyib.

Fidan rusiyalı həmkarı Lavrov ilə bu gün səmərəli görüşlər keçirdiklərini və gündəlikdə yer alan ikitərəfli məsələlər, o cümlədən Türkiyə ilə Rusiya arasında əməkdaşlığın inkişaf etdirilməsi və aidiyyəti qurumların da töhfəsi ilə bu əməkdaşlığı bütün sahələrdə artırmaq kimi məsələlər ətrafında müzakirələr apardıqlarını qeyd edib.

Rusiya-Ukrayna qarşıdurmasına toxunan Hakan Fidan Türkiyənin hər iki qonşusu ilə sülh və əmin-amanlıq içində yaşamaq arzusunu ifadə edərək bu müharibənin müxtəlif bölgələrə də mənfi təsir etdiyini vurğulayıb. Türkiyənin ilk gündən müharibənin diplomatiya yolu ilə həlli istiqamətində göstərdiyi dəstəyi vurğulayan nazir münaqişənin başlanmasından qısa müddət sonra tərəflərin İstanbulda ilk dəfə danışıqlar masası ətrafında toplandığını, ölkəsinin Qara Dəniz Taxıl Təşəbbüsünü uğurla həyata keçirdiyini və sonra da tərəfləri sülhə çatdıracaq diplomatik səylərini davam etdirdiyini xatırladıb. “Müharibənin dördüncü ilinə girərkən ABŞ tərəfindən müzakirələr yolu ilə bu münaqişəni bitirmək istiqamətində yeni bir təşəbbüs başladılıb. Bu, bizim müharibənin əvvəlindən bəri izlədiyimiz siyasətlə üst-üstə düşür. ABŞ-ın yeni təşəbbüsünü nəticəyönümlü bir yanaşma kimi önəmli hesab edirik. Həll yolunun hər iki tərəfin iştirak edəcəyi danışıqlarla tapılacağına inanırıq. Bu çərçivədə sülhün danışıqlar yolu ilə təmin edilməsi üçün hər cür dəstəyi verməyə hazırıq”, - deyə Fidan əlavə edib.

Suriyadakı yeni dövrlə bağlı danışan Türkiyə XİN rəhbəri deyib: “Bölgəmizdə həqiqi sülhün və sabitliyin təmin edilə bilinəcəyinə inanırıq. Suriyada son üç ayda baş verənlər bu baxımdan ümidvericidir. Suriya xalqı 60 illik zülm rejiminə son qoydu. İndi isə qonşuları ilə dinc şəraitdə yaşayan, sabit və firavan bir ölkə qurmaq istəyirlər. Biz, Türkiyə olaraq, bu prosesdə də Suriya xalqının yanında olacağıq. Bu gün nazir Lavrov ilə Suriyadakı prosesləri də müzakirə etdik. Suriyanın ərazi bütövlüyünün və birliyinin qorunmasının vacibliyinə tam inanırıq”.

Fidan terror təşkilatlarının Suriyada yerləşməsinə heç bir halda göz yumulmayacağını vurğulayaraq, beynəlxalq ictimaiyyətin İŞİD və PKK ilə mübarizədə ortaq mövqe sərgiləməsini gözlədiklərini deyib.

İsrail ilə Fələstin arasındakı gərginliyə toxunan Hakan Fidan nazir Lavrov ilə Qəzza zolağındakı son vəziyyəti də müzakirə etdiklərini bildirərək, atəşkəsin qalıcı hala gətirilməsi və sonrakı mərhələlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Rusiyanın XİN başçısı çıxışında ölkəsi ilə Ukrayna arasındakı müharibənin yaranma səbəblərini aradan qaldırmadan bu qarşıdurmanın bitməsinin mümkün olmadığını deyib.

Sergey Lavrov ABŞ tərəfi ilə Ər-Riyadda keçirilən görüşlərdə fərqli baxışların ortaya çıxdığını, amerikalı tərəfdaşları ilə müzakirələri davam etdirəcəklərini vurğulayıb.

Nazir ABŞ ilə Rusiya arasında səfirlik fəaliyyətlərinin bərpa edilməsi üçün bu həftə geniş məsləhətləşmələrin aparılacağını, bu prosesdə süni maneələrlə qarşılaşmayacaqlarına ümid etdiyini deyib.

O bildirib ki, Ukraynada aparılan hərbi əməliyyat danışıqlardan Rusiyanı qane edəcək bir nəticə əldə edildikdə dayana bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: