EBRD 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in artımı üzrə proqnoz göstəricisini yüksəldib

A- A A+

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə bankın "Regional iqtisadi perspektivlər" adlı hesabatının fevral sayında bildirilib.

Sentyabr proqnozları ilə müqayisədə artımla bağlı proqnoz göstəriciləri 0,3 faiz bəndi artırılıb.

EBRD qeyd edib ki, Azərbaycan iqtisadiyyatı neft və qaz qiymətlərindəki dalğalanmalara, eləcə də regiondakı geosiyasi gərginliyə həssas olaraq qalır. "Ortamüddətli perspektivdə Çini Avropa ilə birləşdirən Orta Dəhlizlə yükdaşımalar ölkənin nəqliyyat və logistika sektorları üçün yeni imkanlar yarada bilər. Bundan əlavə, dövlət istehlakının infrastruktur, kənd təsərrüfatı və müdafiə sahələrinə investisiyalar hesabına dəstəklənəcəyi gözlənilir", - hesabatda qeyd olunub.

Bankın məlumatına görə, 2024-cü ildə qeyri-neft sektoru və dövlət investisiyaları hesabına Azərbaycan iqtisadiyyatının artım tempi xeyli sürətlənib.

Real ÜDM 2023-cü ildəki 1,1 %-lə müqayisədə 4,1 % artıb. Qeyri-neft sektorunda artım bir il əvvəlki 3,7 %-ə nisbətən 6,2 % təşkil edib. Neft və qaz sektoru 2024-cü ilin martında Avropaya tədarük üçün qaz hasilatının artması fonunda yenidən artım nümayiş etdirməyə başlayıb.

"İqtisadi aktivlik əhalinin real gəlirlərinin artımı və infrastruktur investisiyaları ilə dəstəklənib. Bununla belə, inflyasiya səviyyəsi nisbətən aşağı olub. 2024-cü ilin aprelində inflyasiya illik ifadədə 0 %-ə qədər azalıb (minimum doqquz ildən artıq müddətdə). İlin sonuna inflyasiya 4,9 % təşkil edib. Qiymətlərin sabitləşməsinə dövlət tənzimlənməsi və dünyada ərzaq məhsullarının ucuzlaşması təsir göstərib", - EBRD vurğulayıb.

Bank xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya təzyiqinin azalması fonunda 2023-cü ilin sonunda əsas uçot dərəcəsini ümumilikdə 175 baza bəndi - 2023-cü ilin noyabrındakı 9 %-dən 2024-cü ilin may ayına kimi 7,25 %-ə endirib və bundan sonra onu bu səviyyədə saxlayıb.

“Eyni zamanda, kreditləşmənin yüksək artım tempini (2024-cü ildə 20 %-dən çox) nəzərə alaraq, AMB 2025-ci ilin martında qüvvəyə minəcək 0,5 % həddində  kontrtsiklik kapital buferinin tətbiq edildiyini açıqlayıb”, - hesabatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: