Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Ağ evdə keçirilmiş görüşü şərh edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna liderinin sosial şəbəkədəki səhifəsində müvafiq paylaşım yerləşdirilib.
“Amerikaya təşəkkür edirəm, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. ABŞ Prezidentinə, Konqresə və Amerika xalqına təşəkkür edirəm.
Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz məhz bunun üçün çalışırıq”, – Zelenski vurğulayıb.
Xatırladaq ki, iki ölkə liderinin Vaşinqton görüşü qalmaqala çevrilib. Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırıb. Tramp cavabında bildirib ki, Ukrayna “çətin vəziyyətdədir” və “əlində güclü kartlar” yoxdur.
Tramp vurğulayıb ki, ukraynalı əsgərlər inanılmaz şücaət göstəriblər, lakin ABŞ döyüşləri dayandırmaq və pulu “yenidənqurma kimi başqa məqsədlər üçün” istifadə etmək istəyir.
Daha sonra ABŞ Prezidenti “Truth Social” sosial şəbəkəsində Zelenskinin “sülhə hazır olmadığını” qeyd edən paylaşım yerləşdirib. Bundan sonra Ukrayna lideri Ağ evi tərk edib.