NUHÇIXAN -ın məlumatına görə, Ukrayna müdafiə ehtiyacları üçün G7-nin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təşəbbüsü çərçivəsində 2,26 milyard funt sterlinq alacaq. Bununla bağlı Ukrayna və Britaniya tərəfləri müvafiq saziş imzalayıb.
Maliyyə naziri Sergey Marçenko və Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri Reyçel Rivz Ukraynanın müdafiəsi üçün 2,26 milyard funt sterlinq (2,8 milyard dollardan çox) alması barədə saziş imzalayıblar.
onlayn keçirilən mərasimdə Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer iştirak ediblər.
Vəsait ümumi həcmi 50 milyard ABŞ dolları olan G7 Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təşəbbüsü mexanizminin tərkib hissəsidir. Kreditə xidmət göstəriləcək və immobilizasiya edilmiş Rusiyanın suveren aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək.
Rivz deyib ki, Britaniya Rusiya işğalına qarşı mübarizədə Ukraynaya tam dəstəyini davam etdirir.
Eyni zamanda, o, ölkəsinin Ukraynanı dəstəkləmək üçün lazım olan qədər ildə 3 milyard funt-sterlinq ayırmağı öhdəsinə götürdüyünü xatırladıb və bu vəsaitin ilk tranşının yaxın bir neçə gün ərzində ayrılacağını bildirib.
Xatırladaq ki, Starmer martın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş zamanı o, Zelenskiyə Böyük Britaniyanın tam dəstəyini ifadə edib.