Ermənistandakı uşaqların acınacaqlı həyatı - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ermənistanın sputnik.am saytı bu ölkənin Naxçıvanla sərhəddə yerləşən və tamamilə boşalmaq təhlükəsi ilə üz-üzə qalan Dastakert (keçmiş adı-Dəstəyurd) kəndinin uşaqlarının həyatından foto reportaj hazırlayıb. Məqalə “Dastakertin uşaqları: kabus şəhərin təbəssümü” adlanır. Bir qış günündə burada yaşayan insanların acınacaqlı həyatı fotokameranın obyektivində daha miskin görünür. Çirkli küçələrdə oynayan kasıb görünüşlü uşaqların üst-başı palçığa batıb. Hiss olunur ki, sınıq-salxaq eyvanlardan baxan yeniyetmələr oynamaq üçün bir yer və məşğuliyyət tapa bilmir. İşğalçı ölkənin gələcəyi olan bu uşaqlar kamera qarşısında gülümsəsələr də yaşadıqları yoxsul mühit, nimdaş evlər Ermənistanın bugünkü reallığının əsl mənzərəsini əks etdirir.
Məqalə müəllifi yazır ki, bir zaman bu şəhərdə minlərlə insan yaşayıb. Amma Ermənistanın çökməkdə olan iqtisadiyyatı buradan da yan keçməyib. İndi isə sakinlərin sayı cəmi 300 nəfərdir. “Bizim obyektivə isə yalnız gülümsəməkdən başqa heç nəyi olmayan ümidsiz uşaqlar tuş gəldi. Bu şəhərdə heç bir müəssisə və mağaza yoxdur. Sakinlər ancaq ev heyvanı, arı saxlayır və dərman bitkiləri yığmaqla güzəran keçirirlər. Ən yaxın kiçik bir mağaza 12 km aralıda yerləşən kənddədir. Daha böyüyü isə 20 kilometr məsafədə-Sisiandadır. Dastakertə nə bir avtobus, nə də hansısa bir marşrut gedir”- deyə yazıda bildirilir.