Almaniya İsrail hökumətini Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə çağırıb və Fələstin-İsrail münaqişəsinin hər iki tərəfinin danışıqlar masasına qayıtmalı olduğunu bildirib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Berlində keçirilən brifinqdə bildirib.
"Almaniya hökuməti İsrail hökumətinin Qəzzaya bütün humanitar malların idxalını dayandırmaq qərarını böyük narahatlıqla qarşılayıb", - o qeyd edib.
Nümayəndə vurğulayıb ki, BMT Beynəlxalq Məhkəməsinin qərarına əsasən, "İsrail beynəlxalq hüquq üzrə öhdəliklərini yerinə yetirməli, Qəzza ərazisində son dərəcə zəruri olan əsas xidmətlərin maneəsiz şəkildə göstərilməsini və humanitar yardımın çatdırılmasını təmin etməlidir".
O, həmçinin qeyd edib ki, HƏMAS qalan girovların və onların ailələrinin alçaldılmasına son qoymalı, saxlanılan şəxsləri dərhal azad etməlidir.
Almaniya XİN hər iki tərəfi danışıqlar masasına qayıtmağa, atəşkəs və girovların azad edilməsi haqqında sazişin davam etdirilməsini təmin etməyə çağırıb.
"Bu, sazişin birinci mərhələsinin uzadılması mümkünlüyünü və ikinci mərhələyə, yəni uzunmüddətli atəşkəsə keçidi əhatə edir. Bütün bunlar yeni girovların azad edilməsi, Qəzzada insanların vəziyyətinin yaxşılaşdırılması, həmçinin Qəzzanın bərpası və regionun dinc gələcəyi üçün vacibdir", - XİN nümayəndəsi əlavə edib.