Qərb ölkələri hələ də Ukraynada hər hansı qoşun yerləşdirməsi ilə bağlı konkret razılıq əldə etməyiblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Vurğulanıb ki, hazırkı koalisiya Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə edərkən sülhməramlı qüvvələrinin yerləşdirilməsinə deyil, ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə diqqət yetirmək niyyətindədir.
Avropa ölkələrindən birinin hərbi rəhbəri bildirib ki, sülh əldə edildikdən sonra koalisiya ölkələri mövcud vəziyyəti qorumaq üçün Ukrayna Silahlı Qüvvələrini gücləndirməlidir.
Eyni zamanda, qəzetin yazdığına görə, Qərb ölkələri, o cümlədən Böyük Britaniya münaqişə həll edildikdən sonra Kiyevin təhlükəsizliyini təmin etmək üçün ölkənin hava məkanını patrul edə və öz gəmilərini Qara dənizdə yerləşdirə, habelə Ukrayna ərazisində orduya təlim keçirə bilər. Bu planları həyata keçirmək üçün isə 30 minə yaxın hərbçinin lazım olacağı təxmin edilir.
Nəşrin mənbəsi qeyd edib ki, hazırda koalisiya üzvləri mümkün sülhməramlı missiya çərçivəsində Ukraynaya hərbi dəstək barədə heç bir qərar qəbul etməyib. Buna xüsusilə ABŞ-nin bu missiyada iştirak etmək istəməməsi də təsir edib.