Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların müddətini 2028-ci il martın 17-nə qədər uzadıb.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
"Rusiyaya qarşı sanksiyaların müddəti 2025-ci il martın 17-də başa çatmalı idi. Yeni Zelandiya hökuməti onların müddətini daha üç il uzadıb. Bu qərar martın 14-də qəbul edilib və bu gün qüvvəyə minib", - məlumatda qeyd olunub.
Yeni Zelandiyanın sanksiyaları "bu ölkənin bütün vətəndaşlarının üzərinə bir sıra öhdəliklər qoyur, Rusiya Federasiyası ilə bağlı müəyyən fəaliyyət növlərini qadağan edir və ya məhdudlaşdırır". Həmçinin yeni zelandiyalılar "Rusiya ilə ticari-iqtisadi münasibətlərlə bağlı ola biləcək hər hansı şübhəli fəaliyyət barədə məlumat verməlidirlər".
Yeni Zelandiya hökuməti 2022-ci ilin martından Rusiya müəssisələrinə və vətəndaşlarına qarşı 35 dəfədən çox məhdudiyyətlər tətbiq edib və bunun üçün yerli parlament hətta belə prosedurların həyata keçirilməsini asanlaşdıran xüsusi qanun qəbul edib. Bütövlükdə, müxtəlif qadağalar, eləcə də ticarət və maliyyə qadağaları 1,8 mindən çox rusiyalıya, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, hökumət üzvləri, RF Təhlükəsizlik Şurasının rəhbərliyi, Dövlət Duması və Federasiya Şurasının deputatları və digərlərinə şamil edilib.
Eyni zamanda, Rusiya Mərkəzi Bankı da daxil olmaqla 400 təşkilat, 20 maliyyə qurumu, 37 media şirkəti və jurnalistə, habelə RF Mərkəzi Seçki Komissiyasının 15 üzvünə də qarşı məhdudiyyətlər tətbiq edilib.