“British Airways” və “Virgin Atlantic” kimi 90-dan çox aviaşirkəti təmsil edən qurum martın 21-də Londonun Hitrou hava limanının bir günlük bağlanması nəticəsində yaranan zərərlə bağlı razılıq əldə olunmasa, aeroportu məhkəməyə verə biləcəklərini bildirib.
NUHÇIXAN “Sky News”a istinadla xəbər verir ki, Hitrou Hava Yolları Operatorları Komitəsinin icraçı direktoru Naycel Vikinq məsələnin danışıqlar yolu ilə həllinə ümid edir:
“Əgər çəkilən xərclərlə bağlı yetərincə kompensasiya və geri ödəniş əldə etməsək, bu, hüquqi addım atmaq üçün əsas ola bilər”, – deyə o, bildirib.
Xatırladaq ki, martın 21-də səhər saatlarında Avropanın ən böyük hava limanı olan Hitrou yaxınlığında yerləşən elektrik yarımstansiyasında baş verən yanğın nəticəsində enerji təchizatında ciddi fasilə yaranıb. Bu səbəbdən hava limanının fəaliyyəti tamamilə dayandırılıb. Təyyarələrin uçuşuna və enişinə icazə verilməyib. Təxminən 1300 reys ləğv olunub və 250 min sərnişin bu vəziyyətdən təsirlənib.