Cənubi Koreyanın cənub-şərqində meşə yanğınları nəticəsində ən azı 24 nəfər həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Yonhap” informasiya agentliyi məlumat yayıb.
Həlak olanlar arasında bu gün şərqi Kyonsan-Pukto əyalətində yanğını söndürərkən qəzaya uğrayan helikopterin 73 yaşlı pilotu da var.
Yanğınların söndürülməsinə onlarla helikopter, təxminən 5 min yanğınsöndürən və 560 ədəd xüsusi texnika cəlb edilib. Güclü külək və quru hava şəraiti yanğının söndürülməsinə mane olur.
Agentlik qeyd edib ki, güclü küləklər səbəbindən meşə yanğınlarının şərq sahil bölgələrinə, o cümlədən böyük atom elektrik stansiyasının yerləşdiyi əraziyə yayılması riski var.
Ölkənin prezidenti səlahiyyətlərini icra edən Han Dok Su yanğınları "ölkə tarixində ən dəhşətli yanğınlar" adlandırıb.
Onun sözlərinə görə, yanğınlar nəticəsində 17 min hektar meşə ərazisi, 209 ev və fabrik məhv olub.