Türkiyə əleyhinə feyk xəbərlər yaymaqda təqsirləndirilən və PKK terror təşkilatına yaxınlığı ilə tanınan “Dagens ETC” müxbiri Kaj Joakim Medin İstanbulda həbs edilib. “Silahlı terror təşkilatına üzv olma” və “Prezidentə təhqir” ittihamları ilə axtarışda olan İsveç vətəndaşı martın 27-də İstanbul aeroportunda saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Həbs qərarının onun jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı bildirilib. Qeyd edilib ki, Medin 2023-cü il yanvarın 11-də Stokholmda PKK/KCK terror təşkilatını dəstəkləyən şəxslərlə birlikdə Türkiyə Prezidentinin maketinin hazırlandığı və nümayiş etdirildiyi aksiyada iştirak edib. Ankara Respublika Baş Prokurorluğunun terror cinayətləri istintaq bürosu həmin il yanvarın 13-də bu hadisə ilə bağlı istintaqa başlayıb.
İstintaq çərçivəsində Medin də daxil olmaqla, aksiyanı təşkil edən, həyata keçirən və mediada yayan 15 şübhəli şəxs müəyyən edilib.
Bundan əlavə, həmin şəxsin PKK/KCK terror təşkilatı ilə media arasında əlaqə yaratdığına dair qeydlər də mövcuddur.