Vaşinqton Tehrana qarşı güc tətbiq etmək imkanından imtina etməlidir.
NUHÇIXAN xəbər verir ki, bu barədə İranın xarici işlər nazir Abbas Əraqçi “The Washington Post” qəzetinin saytında dərc olunmuş məqaləsində bildirib.
Tehran və Vaşinqton arasında aprelin 12-də Omanda keçirilmiş danışıqları şərh edən Əraqçi qeyd edib ki, İran sazişin bağlanması məqsədilə ciddi qarşılıqlı əlaqəyə hazırdır. Bununla yanaşı, o vurğulayıb ki, ABŞ və İran arasında birbaşa olmayan qarşılıqlı əlaqə formatı əhəmiyyətli etimadsızlıq və niyyətlərin səmimiliyinə şübhələrlə izah olunur: “Bu, ABŞ-nin İrana qarşı maksimum təzyiq siyasətini bərpa etməsi ilə daha da güclənib. Bu gün irəli getmək üçün ilk növbədə hərbi variantın və daha da çox "hərbi həllin" ola bilməyəcəyi barədə razılığa gəlmək lazımdır. ABŞ Prezident Donald Tramp aşkar şəkildə bu reallığı qəbul edir və Rusiya – Ukrayna müharibəsinin başa çatması üçün ilk addım kimi atəşkəsə çağırır".
Diplomat vurğulayıb ki, Tehran öz niyyətlərinin sülh xarakterini aydınlaşdırmağa və nüvə proqramı ilə bağlı mümkün narahatlıqları aradan qaldırmaq üçün zəruri tədbirlər görməyə" hazırdır: “ABŞ bağladığı hər hansı sazişə sadiq olduğunu nümayiş etdirməklə diplomatiyaya ciddi yanaşma göstərə bilər. Əgər bizə hörmətlə yanaşsalar, biz də eyni şəkildə cavab verəcəyik. İran diplomatiyaya üstünlük verir, lakin özünü necə müdafiə edəcəyini də bilir. İndi “top ABŞ-dədir”.