“InSight” stansiyası Qırmızı planetin havası haqqında gündəlik hesabatlar göndərəcək.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, yenilənmələr ABŞ Kosmik Agentliyinin (NASA) reaktiv hərəkət laboratoriyasının saytında dərc ediləcək. “InSight” eniş yerində küləyin sürətini və atmosfer təzyiqini qeydə alacaq. Mütəxəssislərin Marsın havası haqqında məlumatlı olması onlara seysmometrin real seysmik dəyişiklikləri qeydə almasını və ya cihazların külək və ya təzyiq dəyişkənliyini duymasını başa düşmək üçün lazımdır. Hava haqqında məlumatlar yardımçı faydalı yük altsistemi ötürücüləri (APSS) vasitəsilə əldə edilir. “NASA” bu informasiyanı fəsil dəyişkənliyini izləmək üçün istifadə edəcək.
Planetdən kənar havanı öyrənən tədqiqat qrupu qeyd edir ki, Marsda Yer kürəsindəki atmosfer hadisələrinə bənzəyən, lakin ciddi şəkildə fərqlənən atmosfer hadisələri mövcuddur. Aparatın hava haqqında sonuncu məlumatı bazar günü göndərilib. Ötürücülər tərəfindən Selsi üzrə maksimum -17 dərəcə, Selsi üzrə minimum -95 dərəcə temperatur qeydə alınıb. Fevralın 15-də isə Selsi üzrə minimum -97 dərəcə temperatur müşahidə olunub.
Qeyd edək ki, 2018-ci il noyabrın 26-da Mars səthinə uğurlu eniş edən ABŞ-ın “InSight” kosmik aparatının əsas vəzifəsi Marsın daxili quruluşunun və planet təkində geoloji proseslərin tədqiqindən ibarətdir. Zond bir neçə cihaz, iki kamera, hava ötürücüsü və künc reflektoru ilə təchiz edilib. “InSight” aparatının əsas alətləri tektonik aktivliyin ölçülməsi və meteoritlərin düşməsinin qeydiyyata alınması üçün nəzərdə tutulan “SEIS” seysmometri, eləcə də “HP3” elektromexaniki burovudur. Hər iki alət eniş platformasının yanında işləyəcək. Onları platformaya 2,4 metr uzunluğunda “IDA” robotlaşdırılmış əl yerləşdirəcək.
Missiyanın planı 5 metr dərinliyində quyunun qazılmasını nəzərdə tutur. Ora Mars süxurunda istilik axınlarının ölçülməsi və onun tərkibinin dolayı qiymətləndirilməsi üçün temperatur ötürücülərinə malik lent yerləşdiriləcək.