ABŞ Prezidenti Donald Trampın rüsum siyasəti Almaniyaya 2028-ci ilə qədər təxminən 290 milyard avroya başa gələ bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti Köln Alman İqtisadiyyatı İnstitutundan (IW) əldə etdiyi məlumatlara istinadən bildirib.
Qeyd olunub ki, bu, ildə ÜDM-in 1,6 %-nə bərabər olacaq. Bütün Avropa İttifaqı (Aİ) üçün 2025-ci ildən 2028-ci ilə qədər dörd il ərzində xərclər 1,1 trilyon avroya qədər təşkil edəcək. Qəzet vurğulayıb ki, inkişaf etməkdə olan ölkələr ABŞ rüsumlarından daha çox əziyyət çəkəcəklər, onlardan bəziləri böyümə tempinin kəskin düşməsi ilə üzləşə bilərlər.
Tədqiqatda ekspertlər ABŞ rüsumlarının müxtəlif ölkələr üçün iqtisadi fəsadlarını təhlil ediblər. Birləşmiş Ştatlar Almaniyanın ən vacib ticarət tərəfdaşıdır. Bundan başqa, nəşrin qeyd etdiyi kimi, dünyanın ən böyük ixracatçı ölkələrindən biri olan Almaniya ticarət müharibəsindən xüsusilə zərər çəkəcək. Beləliklə, iqtisadçıların vurğuladığına görə, yalnız ABŞ-də rüsumların tətbiqi səbəbindən 2025-2028-ci illər arasında iqtisadi istehsalda itkilər “təxminən 200 milyard avroya çatacaq”.
Bu, ildə ÜDM-in 1,2 %-ni təşkil edəcək. Öz növbəsində, əgər Vaşinqtonun ticarət tərəfdaşları ABŞ-dən idxala rüsumlar tətbiq edərsə, xərclər 290 milyard avroyadək arta bilər. Xüsusilə Çin və ABŞ arasında ticarət münaqişəsinin kəskinləşməsi Almaniya üçün ciddi nəticələrə yol açardı.