Astronomlar bir ekzoplanetin atmosferində bioloji aktivliyi göstərən iki nadir qaz aşkar ediblər

A- A A+

Böyük Britaniyanın Kembric Universitetinin astronomlarının rəhbərlik etdiyi tədqiqat qrupu “K2-18b” ekzoplanetinin atmosferində bioloji aktivliyin mövcudluğunu göstərən iki nadir qazın kimyəvi izlərini aşkar ediblər. NUHÇIXAN xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Alimlər “James Webb” teleskopu tərəfindən toplanan məlumatlardan istifadə edərək, planetin atmosferində dimetil sulfid və dimetil disulfid (müvafiq olaraq DMS və DMDS) qazlarının mümkün mövcudluğunu müəyyən ediblər. Məlumatda deyilir: “Yer üzündə DMS və DMDS müstəsna olaraq həyatın, ilk növbədə dəniz fitoplanktonları kimi canlıların məhsuludur. “K2-18b”nin atmosferindəki bu molekulların mənbəyi naməlum kimyəvi proseslər olsa da, tədqiqatın nəticələri Günəş sistemimizdən kənarda həyatın mövcud ola biləcəyinə dair hələ də ən güclü sübutdur”.

Bununla belə, alimlərin qənaətləri hələ yekun rəy demək deyil. Onlar DMS və DMDS qazlarının izlərinin aşkarlanmasının ölçmə xətası olmadığına əmin olmaq üçün eyni teleskopdan istifadə etməklə “K2-18b” planetində əlavə müşahidələr aparmağı planlaşdırırlar.

Tədqiqat qrupu “The Astrophysical Journal Letters” jurnalında dərc olunan məqalədə qeyd edir ki, artıq aparılmış ölçmələr bu qazların atmosferdə kifayət qədər əhəmiyyətli konsentrasiyasından xəbər verir. Onlar yüksək reaktivdir, yəni həmin qazların molekulları başqaları ilə tez reaksiyaya girir. Beləliklə, nisbətən yüksək konsentrasiya qazların atmosferə axınının mənbəyinin olduğunu göstərə bilər, həmçinin burada bioloji proseslərin olması ehtimalı da güclüdür.

“K2-18b” ekzoplanetin Yerdən 124 işıq ili uzaqlıqda yerləşir və “K2-18” ulduzunun ətrafında dövr edir. Planetin orbiti yaşayış üçün əlverişli zona deyilən ərazidədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: