Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası işlərinin davam etdirilməsi ilə bağlı fikir və təklifləri mübadilə etməyi davam etdirirlər.
NUHÇIXAN-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın baş nazirinin müavini, Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası komissiyasının sədri Mher Qriqoryan bildirib.
"Komissiyaların növbəti görüşünün tarixi ilə bağlı konkret razılaşma hələ yoxdur. Tərəflər işçi qaydada işlərin növbəti mərhələlərinin təşkili məsələləri ilə bağlı fikir və təklifləri mübadilə etməyi davam etdirirlər", - deyə o qeyd edib.
Xatırladaq ki, 2025-ci il fevralın 14-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrаns formatında işçi görüş keçirilib.