Ermənistanın müxalifətdə olan Respublika partiyasının mətbuat katibi, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov deyib ki, bu ölkənin baş naziri Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Şarmazanov keçirdiyi mətbuat konfransında baş nazirin son bəyanatlarını şərh edib. Onun sözlərinə görə, əvvəllər jurnalist və deputat olan Paşinyan iqtidarı vədlərini yerinə yetirməməkdə və bir-birinə zidd bəyanatlar verməkdə günahlandırırdı. “Məlum olur ki, hakimiyyətə gəldikdən sonra Nikol bu göstəricilər üzrə bütün rekordları təzələyib. Həmin vaxtlarda o, Avrasiya İqtisadi Birliyindən çıxmağa çağırırdı, indi isə tam əksini söyləyir. Baş nazir ötən ilin yayında bəyan etdi ki, ölkədə korrupsiya yoxdur, indi isə bunun tərsini iddia edir. Bundan başqa, Paşinyan bildirib ki, 2008-ci ilin mart hadisələrinin üstü açılıb, lakin bugünədək heç bir məlumat yoxdur”, -deyə Şarmazanov vurğulayıb.
Müxalifət nümayəndəsi Paşinyana Mahatma Qandinin sözlərini xatırladıb: “Xoşbəxtlik odur ki, sənin sözün, əməllərin və düşüncələrin ahəngdar olur”. O əlavə edib ki, baş nazir respublikanın yollarında qırmızı xətlərin və kameraların yığışdırılması, qazın qiymətlərinin azaldılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yeni erməni baş katibin təyinatı, sürətli iqtisadi inkişaf haqqında vədlərini yalnız “sehrli çubuğun köməyi ilə həyata keçirə bilər.