"Türksat": Mərkəzi Asiya peyk texnologiyalarının inkişafında yeni qlobal mərkəzə çevrilir

A- A A+

Mərkəzi Asiya kosmik texnologiyaların gələcək inkişafı baxımından ən perspektivli regionlardan birinə çevrilməkdədir.

NUHÇIXAN xəbər verir ki, bunu “Türksat” şirkətinin biznesin inkişafı və satış üzrə direktoru Ömər Şamil Açba Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) deyib.

Onun sözlərinə görə, bu bölgənin strateji coğrafi mövqeyi və dinamik insan kapitalı inkişaf üçün əsas amillərdəndir:

“Geosiyasi mövqeyinə görə Mərkəzi Asiya tarixən elm, mədəniyyət və iqtisadiyyatın inkişafında mühüm rol oynayıb. Region mühüm sektorların təkmilləşdirilməsinə töhfə verərək texnoloji yeniliklər üçün innovasiya mərkəzinə çevrilib. Şərq və Qərb arasında körpü rolu oynayan Mərkəzi Asiya peyk texnologiyaları üçün unikal imkanlar təqdim edir”.

O vurğulayıb ki, bu gün peyk rabitəsi qlobal kommunikasiya infrastrukturunda əvəzolunmaz rol oynayır: “Bu texnologiyalar kənd və ucqar ərazilərdə yaşayan əhalini birləşdirir, rəqəmsal bərabərsizliyi azaldır, iqtisadi inkişafa töhfə verir. Həmçinin hərbi, dəniz və avtomobil rabitəsi, korporativ və mobil şəbəkələr üçün təhlükəsiz və fasiləsiz əlaqə yaradır. Peyk rabitəsi fövqəladə hallarda və təbii fəlakətlər zamanı operativ əlaqənin təmin olunmasında da mühüm vasitədir”.

Ş. Açba hesab edir ki, bundan əlavə, peyk texnologiyaları real vaxt rejimində təqdim olunan təsvirlər vasitəsilə təbii fəlakətlərin idarə olunması, su ehtiyatlarının qorunması, kənd təsərrüfatının inkişafı və şəhərsalmanın planlaşdırılmasında getdikcə daha böyük əhəmiyyət kəsb edir.

“Bu texnologiyaların tətbiqi xüsusilə münaqişə bölgələrində, sərhəd təhlükəsizliyinin qorunmasında, meşə yanğınlarına qarşı mübarizədə və fəlakətlərin nəticələrinin aradan qaldırılmasında zəruridir”, - o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: