Pakistan və Hindistan Kəşmirdəki terror aktından sonra qarşılıqlı sərt tədbirlər görürlər

A- A A+

Pakistan və Hindistan Cammu və Kəşmirdə aprelin 22-də baş verən terror aktından sonra münasibətlərin gərginləşməsi fonunda bir-birinə və qarşı tərəfin vətəndaşlarına qarşı ciddi tədbirlər elan ediblər.

NUHÇIXAN-ın məlumatına görə, söhbət Pakistan və Hindistan vətəndaşlarının bir-birinin ərazilərindən çıxarılması, hava məkanının bağlanması və digər qarşılıqlı tədbirlərdən gedir.

Pakistan vətəndaşları qarşı tərəfdən müəyyən edilmiş 48 saatlıq müddət fonunda Hindistan ərazisini tərk etməyə başlayıblar.

Ölkəni tərk etmək tələbi Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası (SAARC) dövlətləri ilə vizasız mübadilə çərçivəsində Hindistanda olan Pakistan vətəndaşlarına aiddir.

Onlar Hindistan və Pakistan arasındakı quru sərhədində yeganə fəaliyyət göstərən sərhəd-keçid məntəqəsi olan Attari-Vagah məntəqəsi vasitəsilə Hindistanı tərk etməlidirlər. Müəyyən edilmiş müddətdən sonra sərhəd-keçid məntəqəsi bağlanacaq.

Hindistan hakimiyyətinin hərəkətlərinə cavab olaraq Pakistan öz hava məkanını qarşı tərəf üçün bağlayıb. Hökumət həmçinin İslamabadda olan Hindistanın Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üzrə müdafiə məsləhətçilərini "persona non-grata" elan edərək, onları ölkəni tərk etməyə məcbur edib.

Pakistan həmçinin Hindistan səfirliyinin işçi sayının 30 nəfərə qədər azaldılmasını tələb edib və ticarəti tamamilə məhdudlaşdırıb. O cümlədən Hindistan mallarının Pakistan vasitəsilə üçüncü ölkələrə daşınmasını qadağan edib.

Qeyd edək ki, aprelin 22-də Hindistan və Pakistanın mənsubiyyəti barədə mübahisə apardığı Cammu və Kəşmir ərazisində "Ləşkər-e-Taiba" qruplaşması hücum həyata keçirib, nəticədə 26 nəfər həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: