Ermənistan vətəndaşları müstəntiqlərin özbaşınalıqlarından və hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazıdırlar
Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Qeyri-döyüş şəraitində ölən əsgərlərin anaları yenidən bir araya gələrək etiraz aksiyası keçiriblər. Onlar Ermənistanda rüşvətxor müstəntiqlərin özbaşınalıqlarından narazıdırlar.
NUHÇIXAN xəbər verir ki, Ermənistanda hökumət binası qarşısında aksiya keçirən əsgər anası deyib: “Bizim əsas tələbimiz odur ki, qeyri-döyüş şəraitində övladlarımızın ölüm səbəblərinin sirləri üzə çıxsın. Aksiyaya toplaşanların bir tələbi var. Övladlarımızın uzun illərdir gizli qalan ölüm faktları, səbəbləri açılsın. Bu gün mənim vəkilimi istintaq komitəsindən müstəntiq çağıraraq bildirib ki, mən doqquz il əvvəl baş vermiş ölüm faktını necə sübut edə bilərəm? Sənədləriniz o qədər köhnəlib ki, yazıları da düzgün oxumaq olmur”.
Övladlarını qeyri-döyüş şəraitində itirən digər valideynlər də hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazılıq edirlər. Onlar bildirirlər ki, müstəntiqlər xalqı bezdiriblər. Əsgər analarının heç biri onların fəaliyyətindən razı deyil. Müstəntiqlər cinayətkarlarla gizli danışıqlara gedərək onlardan işi bağlamaq üçün rüşvət alıblar. Ona görə də əsgər ölümlərinin üstü on ilə yaxındır açılmır. Övladlarını qeyri-döyüş şəraitində itirən anaları rüşvətxor məmurların öz çirkin əməllərindən nə vaxt əl çəkəcəyi maraqlandırır.
Şikayətçilər bildirirlər: “Biz anaların günahı nədir? Bu gün Ermənistanda beş mindən çox gənc hərbi xidmətdən yayınaraq xaricə qaçıb. Rüşvətxor özbaşına müstəntiqlərin arxasında keçmiş Prezident Serj Sarkisyanın komandasının yaxın üzvləri, baş prokuror Artur Davityan, hərbi prokuror Qevork Kostancıyan, eyni zamanda, mərkəzi istintaq idarəsinin sabiq rəisi Ağvan Ovsepyan dururlar”.
Əslən İrəvandan olan və oğlu Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində qeyri-döyüş şəraitində ölən daha bir əsgərin anası Hasmik Movsesyan isə deyib ki, oğlunun qatili hərbi hissə komandirinin müavini kapitan Artak Martirosyandır. O, əsgəri qətlə yetirib. Ailəsinə isə onun özünə qəsd etdiyi bildirilib. Patoloji anatomiyadan verilən ekspertiza rəyi də dəyişdirilib. Cəsədin üzərində, xüsusən də bel hissəsində zorakılıq əlamətləri olub. Kapitan A.Martirosyan müstəntiqə külli miqdarda rüşvət verərək cinayət məsuliyyətindən yayınıb. Ailə S.Sarkisyanın rüşvətxor, talançı və qatil komandasının ucbatından iki ildir rahatlıq tapa bilmir.
Əsgər anaları hökumətə müraciət ünvanlayaraq istintaqın obyektiv aparılmayacağı təqdirdə Ermənistan vətəndaşlığından imtina edəcəklərini bildiriblər.