Gələcək nəsillər artan iqlim riskləri ilə qarşı-qarşıyadır

A- A A+

Son illərdə aparılan iqlim araşdırmaları göstərir ki, gənc və gələcək nəsillər əvvəlki dövrlərlə müqayisədə daha ciddi və tez-tez baş verən ekstremal hava hadisələrinə məruz qalacaqlar. Təhlillər təsdiq edir ki, əgər qlobal istiləşmə tendensiyası davam edərsə, bu nəsillər normalda hər 10 min ildə bir dəfə baş verən ekstremal hadisələrlə öz həyatları boyu dəfələrlə qarşılaşa bilərlər.

NUHÇIXAN “Science Daily” portalına istinadla xəbər verir ki, ilin əvvəlində yayımlanan məlumatlara əsasən, son on il iqlim müşahidələrinin aparıldığı son iki əsrlik dövr ərzində qeydə alınmış ən isti onilliklərdən biri kimi təsdiqlənib. Bu, antropogen (insan fəaliyyəti nəticəsində yaranan) iqlim dəyişikliyinin təsirini bir daha sübut edir. Belə dəyişiklər yalnız ekstremal hava hadisələrinin intensivliyini və tezliyini artırmaqla kifayətlənmir, həm də onların başvermə vaxtında və məkanında ciddi dəyişikliklərə səbəb olur.

Məsələn, son illərdə Sibirdə genişmiqyaslı meşə yanğınları, Liviyada isə dağıdıcı daşqınlar baş verib. Halbuki bu cür hadisələr həmin bölgələr üçün tarixi baxımdan nadir sayılırdı. Ekstremal hava hadisələrinin başvermə vaxtı da dəyişir: onlar artıq il ərzində daha erkən, daha gec və ya daha tez-tez meydana çıxır, müddətləri uzanır, həmçinin mövsümi qanunauyğunluqları pozur. Bu isə qasırğa və digər hadisələrin ənənəvi olmayan mövsümlərdə baş verməsinə yol açır.

Beləliklə, əvvəllər görünməmiş və ya son dərəcə nadir hesab edilən hava hadisələri artıq müasir iqlim reallığının ayrılmaz hissəsinə çevrilib. Bu vəziyyətin gələcək nəsillər üçün yaratdığı risklər isə iqlim siyasətinin və adaptasiya tədbirlərinin vacibliyini bir daha gündəliyə gətirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: