“Toyota” şirkəti “GR Corolla” idman avtomobili istehsalatının bir hissəsini Böyük Britaniyaya köçürmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Yaponiyanın avtomobil nəhəngi Şimali Amerikaya ixracatı artırmaq məqsədilə Burnaston rayonunda istehsalat xəttinin inşasına təxminən 56 milyon dollar sərmayə yatıracaq. Həmin müəssisədə Şimali Amerika bazarına göndərilməsi üçün ildə 10 min avtomobil istehsalı planlaşdırılır.
Şirkət nümayəndələrinin sözlərinə görə, bu addım ABŞ Prezidenti Donald Trampın avtomobil idxalına tətbiq etdiyi rüsumlara cavab kimi qəbul edilməməlidir.
Bu arada, Ağ ev Böyük Britaniyadan avtomobil idxalına rüsumları on faizə endirmək qərarına gəlib. Yaponiya isə ABŞ-ın bütün avtomobil idxalına tətbiq etdiyi 25 faizlik rüsumun aradan qaldırılmasına çalışır.
Donald Trampın tarif siyasəti səbəbindən Yaponiyanın “Toyota”, “Sony” və “Mizuho” kimi böyük şirkətləri 27,6 milyard dollaradək zərər riski ilə üzləşib. ABŞ iqtisadiyyatının tənəzzülə uğrayacağı təqdirdə nəticələr daha acınacaqlı ola bilər.