“Disney” şirkəti film, televiziya və maliyyə departamentlərində çalışan işçilər də daxil olmaqla bütün dünyada yüzlərlə əməkdaşını ixtisar etdiyini bildirib.
NUHÇIXAN BBC telekanalına istinadla xəbər verir ki, tamaşaçıların yayım platformalarının xeyrinə kabel televiziyasına abunə olmaqdan imtina etməsi səbəbindən əyləncə nəhəngi təzyiqə məruz qalıb.
Şirkət sözçüsü telekanala müsahibəsində deyib: “Sənayemiz sürətlə dəyişdikcə, istehlakçıların “Disney”dən dəyər verdiyi və gözlədiyi müasir yaradıcılığı və innovasiyanı dəstəkləyir, işimizi necə effektiv idarə edə biləcəyimizi qiymətləndirməyə davam edirik”.
Şirkətdə ən son iş yerlərinin ixtisarı 2023-cü ildə baş vermişdi. Həmin vaxt icraçı direktor Bob İqerin səyləri ilə 7 min işçi 5,5 milyard dollar vəsaitə qənaət etmək üçün işdən çıxarılmışdı.
İxtisarlar müxtəlif komandalara, o cümlədən kino və televiziya bölmələri üzrə marketinq qruplarına təsir edəcək. “Disney”dəki kastinq və inkişaf, korporativ maliyyə sektoru da bundan təsirlənəcək.
Şirkətin sözçüsü deyib: “Biz təsirə məruz qalan işçilərin sayını minimuma endirmək üçün sürətlə hərəkət etdik”. “Disney”, həmçinin bildirib ki, heç bir komanda tam bağlanmayacaq.
Kaliforniyada yerləşən şirkətdə 233 min nəfər çalışır, 60 mindən bir qədər çox əməkdaş ABŞ-dan kənarda fəaliyyət göstərir. “Disney”, eyni zamanda, “Marvel”, “Hulu” və ESPN kimi müxtəlif əyləncə şirkətlərinin sahibidir.
May ayında şirkət ilin birinci rübündə ümumi gəliri 23,6 milyard dollar olmaqla, keçən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıraraq gözləniləndən daha yaxşı mənfəət əldə etdiyini bildirib. Şirkət “Disney+” yayım xidmətinin yeni abunəçilərinin bu böyüməyə kömək etdiyini qeyd edib.
Şirkət bu il bir sıra yeni filmlər, o cümlədən “Kapitan Amerika: Cəsur yeni dünya” və “Qar kimi ağ” filmlərini istehsal edib. Klassik janrda olan sonuncu ekran əsərinin canlı remeyki kinoteatrlarda gözlənildiyi kimi effekti verməyib və bəzi mənfi rəylər alıb.
Bununla belə, “Disney”in son buraxılışı olan “Lilo & Stitch” keçən həftəsonu ABŞ-da kassa rekordları qırıb. “Box Office Mojo”nun məlumatına görə, bu film may ayında ekranlara çıxdıqdan sonra dünya üzrə 610 milyon dollardan çox gəlir əldə edib.