Yaponiya hökuməti “Qızıl qübbə” raketdən müdafiə sisteminin hazırlanmasında ABŞ-la əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı biznes qəzeti “Nikkei” məlumat yayıb.
Məlumata görə, Yaponiyanın Baş naziri Şigeru İşiba may ayında bu mövzunu ABŞ Prezidenti Donald Trampla telefon vasitəsilə müzakirə edib. Əməkdaşlığın qabaqcıl texnologiyalar üzrə tədqiqatlara, eləcə də müvafiq avadanlıqların hazırlanmasına aid olacağı gözlənilir. Burada konkret olaraq süni intellektdən, həmçinin raketləri aşkar etmək və izləmək üçün istifadə olunacaq kvant hesablamalarından söhbət gedir.
Ekspertlərin sözlərinə görə, Yaponiyanın “Qızıl qübbə” sisteminin hazırlanmasında iştirakı gömrük rüsumları ilə bağlı Vaşinqtonla danışıqlarda Tokionun xeyrinə işləyəcək. Belə ki, Yaponiya ABŞ-ın müttəfiqi kimi təhlükəsizlik sahəsinə töhfə verərək Donald Trampdan güzəştlər ala bilər.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 20-də Birləşmiş Ştatların “Qızıl qübbə” raketdən müdafiə sisteminin arxitekturası ilə bağlı qərar qəbul etdiyini açıqlayıb. Ağ evin bunun üçün təxminən 175 milyard dollar ayıracağı gözlənilir. Donald Trampın sözlərinə görə, yeni sistemin hazırlanması təxminən üç ilə başa çatacaq.