Rusiya Xarici İşlər Nazirliyi (XİN) İsrailin hücumları fonunda rusiyalıların İrandan geri qaytarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.
Bu barədə NUHÇIXAN Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
“Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsinə, qrupun mehmanxanada yerləşdirilməsinə və vətəndaşlarımızın Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”, - məlumatda bildirilib.
Rusiya XİN-in məlumatına görə, iyunun 14-nə keçən gecə bu ölkənin Tehran və Bakıdakı səfirliklərinin iştirakı ilə 86 nəfərdən (ikisi uşaq olmaqla) ibarət birinci qrup Astara avtomobil buraxılış məntəqəsi vasitəsilə İran və Azərbaycan dövlət sərhədinin quru hissəsini keçib.
“Söhbət rusiyalı rejissor Fyodor Bondarçukun çəkiliş qrupundan gedir. Qrupda Rusiya vətəndaşlarından başqa Belarus, Latviya, Serbiya, Özbəkistan və Tacikistan vətəndaşları da olub”, - məlumatda qeyd edilib.