Son iki gündə məşhur “Labubu” oyuncaqlarını istehsal edən Çinin “Pop Mart” şirkətinin səhmləri təxminən 9 faiz ucuzlaşıb. “South China Morning Post”un hesablamalarına görə, bu azalma şirkətin bazar dəyərinin 30,89 milyard Honq Konq dollarına (təxminən 3,93 milyard ABŞ dolları) qədər azalmasına səbəb olub.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, səhmlərin enişinə səbəb Çin Kommunist Partiyasının “People’s Daily” (Jenmin Jibao) qəzeti tərəfindən yayımlanan tənqidi məqalə olub. Nəşrdə “Pop Mart”ın biznes modeli sərt şəkildə tənqid olunub və şirkətin məşhur oyuncaqlarına qarşı asılılıq riski ilə bağlı xəbərdarlıq edilib.
“Pop Mart”ın qutularında hansı oyuncağın olduğunu əvvəlcədən bilmək olmur, bu isə kolleksiyaçılarda nadir oyuncaqları və kartları əldə etmək ümidi ilə təkrar-təkrar alış etməyə səbəb olur. Lakin nadir və dəyərli bir nümunəyə rast gəlmək ehtimalı isə 2 faizdən azdır.
“Bu məhsullar biznes tələlərdir. Hədəf isə naməlum mükafatlardan istifadə etməklə təkrar alış-verişə təşviq etməkdir”, – deyə qəzet hüquqşünasların və alimlərin fikirlərinə istinadla yazır.
Xüsusilə yetkinlik yaşına çatmayanlar psixoloji baxımdan yetkin olmadıqları və özünənəzarətləri zəif inkişaf etdiyinə görə belə sistemlərə qarşı daha həssasdırlar. Qəzet bu cür praktikaların daha sərt tənzimlənməsinə və uşaqların qorunmasına çağırır. Məsələn, 2023-cü ildə Çində 8 yaşdan kiçik uşaqlara “kor qutu”ların satışına qadağa qoyulub. Məqsəd uşaqlarda bu oyuncaqlara qarşı asılılığın yaranmasının qarşısını almaq olub.
“South China Morning Post” belə qənaətə gəlir ki, tirajı 3 milyon nüsxəyə çatan “People’s Daily”nin bu məqaləsi Çin siyasi dairələrinin mövqeyini əks etdirir.
“Labubu” iri dişli, təbəssümlü “qorxunc varlıq” formasında hazırlanmış oyuncaqlardır. Onlar 2025-ci ilin yazında da əsas trendlərdən birinə çevriliblər.