Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın istefası günü bu ölkədə rəsmi bayram kimi qeyd olunacaq. Bununla bağlı hökumət “Ermənistan Respublikasında bayramlar və əlamətdar günlər haqqında” Qanuna dəyişikliklər təklif edib.
NUHÇIXAN “Jamanak” qəzetinə istinadla xəbər verir ki, Serj Sarkisyanın baş nazir vəzifəsindən istefa etdiyi tarix “Vətəndaş günü” elan ediləcək və qeyri-rəsmi iş günü olacaq. Qəzetin məqaləsində qeyd olunur ki, bu yeni qanun dəyişikliyi erməni hökumətinin növbəti həftə keçiriləcək iclasının gündəliyinə daxil ediləcək. Hökumətin təsdiqindən sonra erməni deputatlar qanun layihəsini parlamentin aprelin 23-də keçiriləcək plenar iclasında müzakirə edəcəklər.
Serj Sarkisyan kütləvi aksiyalar nəticəsində ötən il aprelin 23-də istefa verib. O, on il müddətində (2008-2018-ci illər) ölkə prezidenti olub, sonra özünün keçirdiyi konstitusiya islahatı nəticəsində aprelin 17-dən 23-dək baş nazir təyin edilib.