Qrenlandiyanın cənubunda okean sularının davamlı şəkildə soyuması artıq bir əsrdən çoxdur qeydə alınır. Yeni araşdırma göstərir ki, bu fenomenin səbəbi qlobal iqlim sisteminin əsas mexanizmlərindən birinin zəifləməsidir.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Yer kürəsinin ümumi istiləşməsi fonunda Atlantik okeanında bir bölgə özünü paradoksal şəkildə aparır. Belə ki, əslində, burada sular olduğundan daha soyuqdur. Bu anomaliya “Şimali Atlantik İstiləşmə Boşluğu” (NAWH) kimi tanınır və uzun müddətdir ki, alimləri çaşqınlıqda saxlayır. Lakin indi bunun mümkün izahı var: səbəb, ekvatordan şimala istilik daşıyan nəhəng okean axını olan Atlantik Meridional Dolaşım Sirkulyasiyasının (AMOC) zəifləməsidir.
AMOC okean axınlarının bir növ “konveyer xətti”dir. O, isti və duzlu suyu şimala, soyuq və az duzlu suyu isə cənuba daşıyır. Bu mexanizm Şimali Amerika, Avropa, Afrika və hətta Cənubi Amerikanın iqliminə birbaşa təsir göstərir.
Riversayddakı Kaliforniya Universitetinin alimləri tərəfindən aparılmış araşdırma göstərir ki, son yüz il ərzində AMOC təxminən 1–3 sverdrup (yəni saniyədə milyonlarla kubmetr su) qədər zəifləyib. Yalnız AMOC-un bu zəifləməsini nəzərə alan iqlim modelləri “soyuq ləkə”nin formalaşmasını doğru şəkildə əks etdirə bilib.
Soyuma yalnız okean səthini əhatə etmir. Təhlillər göstərir ki, soyuma və suyun duzluluğunun azalması 3000 metr dərinliyə qədər müşahidə olunur. Bu isə o deməkdir ki, dəyişikliklər okeanın yalnız səthində deyil, bütövlükdə dərin qatlarında da baş verir.
Tədqiqatçılar son 100 ildən çox müddətə aid okean temperaturu və duzluluq göstəricilərini təhlil edib, həmçinin təxminən 100-ə yaxın iqlim modelini sınaqdan keçiriblər. Yalnız AMOC-un zəifləməsini nəzərə alan modellər real nəticələr göstərib.
AMOC-un zəifləməsi sadəcə lokal bir məsələ deyil. Bu proses atmosfer axınlarını dəyişdirə və Avropa ilə Şimali Amerikada hava anomaliyalarına səbəb ola bilər. Artıq bu “soyuq ləkə” reaktiv axınlara təsir edir, istilik və duzluluq dəyişikliyinə həssas olan balıqların və dəniz məməlilərinin miqrasiya marşrutlarını poza bilər.
Bundan əlavə, AMOC-dakı dəyişikliklər Avropada daha sərt qışlar, daha çox fırtına və quraqlıqlar, habelə ABŞ-ın şərq sahillərində dəniz səviyyəsinin artması ilə əlaqələndirilir.
AMOC-a dair birbaşa müşahidələr yalnız 2000-ci illərdən aparılır. Lakin okean sularının temperatur və duzluluq “izləri” keçmiş və gələcək haqqında dəyərli məlumatlar verir. Alimlər vurğulayırlar ki, əgər istixana qazlarının emissiyası azaldılmasa, AMOC zəifləməyə davam edəcək və bunun nəticələri çox ciddi ola bilər.
“Şimali Atlantik istiləşmə boşluğu anomaliya deyil, simptomdur. Bu, Yer kürəsinin iqlim sisteminin sabitliyini itirdiyinə işarədir”, - deyə araşdırmanın müəllifi Vey Lyu qeyd edib.