İranın raket və PUA zərbələri nəticəsində İsraildə azı 31 min bina və 4 min avtomobil məhv edilib və ya ciddi ziyan görüb.
NUHÇIXAN xəbər verir ki, “Defa Press” portalının dəyərləndirməsinə görə İran raketləri İsrailə “böyük və bərpası mümkün olmayan zərər vurub”.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektlərinə zərbələr endirib. İyunun 23-ü axşam saatlarında Tehran Birləşmiş Ştatların Qətərdəki “Əl-Udeyd” aviabazasına bir neçə ballistik raket atıb. Pentaqonun məlumatına görə, aviabazaya ciddi ziyan dəyməyib və itki yoxdur. Daha sonra ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib.