Ermənistan hakimiyyəti Rusiyanı respublikanın daxili işlərinə qarışmamağa çağırıb.
NUHÇIXAN xəbər verir ki, bunu mətbuat konfransında xarici işlər naziri Ararat Mirzoyan Rusiya XİN-in başçısı Sergey Lavrovun Ermənistan hakimiyyəti ilə kilsə arasında qarşıdurma barədə bəyanatını şərh edərkən deyib.
O, rusiyalı nazirin məlumatını “yanlış və natamam” adlandıraraq, Ermənistanda hakimiyyətlə kilsə arasında heç bir mübarizənin olmadığını bildirib. “Cənab Lavrov çox güman ki, bir sıra din xadimlərinin Ermənistanın siyasi həyatına müdaxiləsi və ya sonradan dövlət çevrilişinə cəhddən bəhs edir. Bu, Ermənistanın daxili işidir”,- deyə Mirzoyan vurğulayıb. O əlavə edib ki, “Rusiya Federasiyasının rəsmi şəxsləri heç bir halda Ermənistanın daxili işlərinə qarışmağı özünə rəva görməməlidir”.
Sergey Lavrov bundan əvvəl bəyan etmişdi ki, Ermənistan Apostol kilsəsi ətrafında münaqişə İrəvanın daxili işi olsa da, Rusiya Federasiyası qarşıdurmanın ölkə konstitusiyası əsasında və dindarların hüquqlarına tam hörmət əsasında mümkün qədər tez həll olunmasında maraqlıdır.