Astronomlar ilk dəfə statistik üsulla yaşamağa yararlı ekzoplanetlərin sayını hesablayıblar

A- A A+

Günəş sistemindən kənarda aşkarlanan planetlərin sayı durmadan artdıqca, onların yaşayış üçün yararlı olması ilə bağlı suallar da diqqəti getdikcə daha çox cəlb edir. Məsələn, alimlər əvvəllər yalnız yaşayış üçün yararlı planetləri deyil, həm də ekstremal şəraitdə yaşaya biləcək orqanizmləri müəyyən etməyə imkan verən riyazi model təqdim etmişdilər. NASA tədqiqatçıları isə həyat axtarışını ən azı bir neçə milyard il ərzində yaşama zonasına daxil olan planetlərdə aparmaq təklifini irəli sürmüşdülər.

NUHÇIXAN xəbər verir ki, indi isə Kornel Universitetinin preprint (əvvəlcədən nəşr olunmuş) serverində dərc olunmuş (https://arxiv.org/abs/2506.18200) yeni elmi işin müəllifləri NASA-nın arxivindən götürülmüş 517 ekzoplaneti təhlil edərək onların arasında yaşayış üçün ən çox yararlı olanların sayını ilk dəfə kəmiyyət baxımından qiymətləndiriblər. Alimlər bu nəticəyə seçilmiş planetləri Yer kürəsi ilə müqayisə yolu ilə və statistik yanaşma tətbiq etməklə gəliblər. Tədqiqatda planetlərin ölçülərindən tutmuş ulduzlarının kimyəvi tərkibinə qədər 8 əsas parametr nəzərə alınıb.

Nəticələr gözlənilməz olub: 517 obyektin cəmi 0,6 faizi “yaşayış üçün uyğun namizəd” kimi qiymətləndirilib. Planetlərin 75 faizi isə “yaxşı ulduz – pis planet” kateqoriyasına düşüb. Bu isə müasir ekzoplanet axtarış üsullarının sistemli şəkildə “yararsız” planetlərə malik ulduz sistemlərini aşkarladığını göstərir.

Astronomların xüsusi maraq göstərdiyi obyektlərdən biri Kepler-22b planetidir. O, Yerdən 635 işıq ili uzaqlıqda yerləşir. Bu planetin tarazlıq temperaturu, yəni istixana qazları nəzərə alınmadan hesablanmış temperaturu təxminən +6°C-dir (müqayisə üçün: Yerdə bu göstərici -18°C-dir). Bundan əlavə, Kepler-22b-nin ulduzu Günəşə çox bənzəyir və planetin aldığı ulduz radiasiyası da demək olar ki, Yer səviyyəsindədir. Kepler-22b Yerdən iki dəfə böyük olsa da, tədqiqatçılar onu gələcək müşahidələr, o cümlədən "James Webb" kosmik teleskopu ilə aparılacaq tədqiqatlar üçün əsas hədəf kimi qiymətləndiriblər.

Eyni zamanda, alimlər 6 “sərhəd” hadisəsi müəyyən ediblər, yəni texniki baxımdan yaşayış üçün yararlı meyarlara cavab verən, lakin həyat üçün daha az perspektivli hesab edilən soyuq qırmızı cırtdanların ətrafında dövr edən planetlər. Bu planetlərdən bəziləri, məsələn, “LHS 1140b” və “TOI-1452b” üzərində aparılmış müşahidələr onların su buxarı və ya azot-oksigen atmosferinə malik ola biləcəyini göstərib.

Tədqiqatçılar qeyd ediblər ki, Yer planeti hər nə qədər özəl görünsə də, statistik baxımdan anomaliya hesab oluna bilməz. Bu da o deməkdir ki, mövcud müşahidə üsullarının texniki məhdudiyyətləri səbəbindən yaşamağa yararlı planetlərin sayını əslində olduğundan az qiymətləndiririk.

Beləliklə, bu yeni elmi tədqiqatda alimlər Yer kürəsindən kənarda həyat axtarışında əsas strateji prioritetləri müəyyənləşdiriblər. Bunlara Günəşə bənzər ulduzlar və qırmızı cırtdanlar üzərində müşahidələrin genişləndirilməsi, birbaşa vizualizasiya texnologiyalarının inkişafı və yaşayış üçün yararlılıq meyarlarının yenidən nəzərdən keçirilməsi daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: