Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.
NUHÇIXAN xəbər verir ki, “Sydney Morning Herald” qəzetinin məlumatına görə, güclü yağış və külək səbəbindən Sidney hava limanında 20-dən çox reys ləğv edilib. Hazırda aeroportda yalnız bir uçuş-eniş zolağı işləyir.
Əlverişsiz hava şəraiti Avstraliyanın ən böyük şəhərinin ictimai nəqliyyat sisteminə də təsir edib. Belə ki, Sidneyin bəzi məşhur turizm bölgələri arasında müntəzəm reyslər, o cümlədən bərələrin hərəkəti dayandırılıb. Leysan yağışlar səbəbindən magistral yollar su altında qalıb, dəmir yolu nəqliyyatının fəaliyyəti pozulub. Güclü külək elektrik naqillərini qırıb, 21 min ev işıqsız qalıb. Sahilyanı bölgələrdə yaşayan sakinlərə evlərindən çıxmamaq tövsiyə olunub.
Qeyd edək ki, qasırğaya Avstraliya və Yeni Zelandiya arasındakı Tasman dənizində formalaşan güclü siklon səbəb olub. Siklonun Yeni Cənubi Uels ştatının sahilyanı ərazilərinə güclü yağış və külək gətirəcəyi gözlənilir.