Qara qəhvə içmək ömrü uzada bilər

A- A A+

“The Journal of Nutrition” jurnalında dərc olunmuş yeni bir tədqiqat qara qəhvə istehlakının daha uzun ömürlə əlaqəli ola biləcəyini ortaya qoyub.

NUHÇIXAN “sciencealert.com” saytına istinadla xəbər verir ki, Tufts Universitetinin rəhbərliyi altında aparılan bu tədqiqat qəhvə istehlakına əlavə olunan maddələrin (xüsusilə, şəkər və doymuş yağların) sağlamlığa təsir edib-etmədiyini araşdırıb.

Tədqiqatın aparıcı mütəxəssislərindən biri, epidemioloq Bingjie Zhou bildirir: “Araşdırmamız qəhvə əlavələrinin ölüm riski ilə əlaqəsini ölçən ilk tədqiqatlardan biridir”.

Nəticələr göstərir ki, şəkər və doymuş yağ istifadəsinin məhdudlaşdırılması, Amerika Pəhriz Təlimatlarına uyğun olaraq, sağlamlıq baxımından əhəmiyyətlidir. Araşdırma ABŞ-da 20 və yuxarı yaşda olan 46 min 332 nəfərin orta hesabla 9-11 illik sağlamlıq məlumatlarını təhlil edib. Bu dövr ərzində 7.074 ölüm halı qeydə alınıb. Analiz nəticəsində məlum olub ki, qəhvə içənlərdə, xüsusilə qara və ya az şəkərli, az yağlı qəhvə istehlak edənlərdə, ölüm riski daha aşağı olub. Belə şəxslərdə erkən ölüm riski ümumilikdə 14 faiz daha az müşahidə olunub. Bununla belə, tədqiqatçılar qəhvəyə şəkər və qaymaq kimi əlavələrin edilməsi halında bu müsbət təsirin azaldığını, hətta statistik əhəmiyyətini itirdiyini bildirirlər. Eyni zamanda, kofeinsiz qəhvə içənlərdə ölüm nisbətində nəzərəçarpacaq fərq müşahidə edilməyib ki, bu da qəhvənin potensial sağlamlıq faydalarının əsasən kofein və digər bioaktiv birləşmələrlə əlaqəli olduğunu göstərir.

Tufts Universitetindən Fang Fang Zhang vurğulayır: “Qəhvənin sağlamlıq faydaları onun bioaktiv komponentləri ilə əlaqələndirilə bilər, lakin bizim tapıntılarımız göstərir ki, şəkər və doymuş yağ əlavələri bu faydaları azalda bilər”.

Bu araşdırma qəhvənin sağlamlıq üzərindəki təsirlərini təcrid şəkildə analiz etməklə içkiyə əlavə olunan komponentlərin də böyük rol oynadığını göstərir. Qəhvənin insan orqanizminə təsirinin dəqiq mexanizmlərini anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var. F.F.Zhang əlavə edir: “Qəhvə dünyanın ən çox istehlak edilən içkilərindən biridir və amerikalı yetkinlərin yarısından çoxu gündə ən az bir fincan qəhvə içdiyini bildirir. Bu səbəbdən də qəhvə istehlakının sağlamlığa təsirini anlamaq mühüm əhəmiyyət daşıyır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: