Fələstinin HƏMAS hərəkatı İsraillə atəşkəs təklifi ilə bağlı vasitəçilərə müsbət cavab verib.
NUHÇIXAN xəbər verir ki, Ynet portalının məlumatına görə, hərəkatın qərarı yaxın saatlarda açıqlanacaq.
Bir müddət öncə, HƏMAS sosial media hesabında Qəzza sektorunda atəşkəslə bağlı İsraillə dolayı danışıqlarda vasitəçilərdən alınan təklifləri nəzərdən keçirdiklərini yazmışdı. Hərəkat müzakirə olunan təşəbbüslərin konkret məzmununu açıqlamayıb. Eyni zamanda, onlar potensial razılaşmaya Qəzza sektorunda daimi atəşkəs, İsrail qoşunlarının oradan çıxarılması və bölgədə yaşayan əhaliyə humanitar yardımın çatdırılması üzrə təminatların daxil edilməsində israrlıdır.
Qeyd edək ki, çərşənbə günü HƏMAS-a yaxın olan Maan agentliyi Qəzza sektoru ilə bağlı yeni təklifin 60 günlük atəşkəsi, girovluqda sağ qalan 10 nəfərin və həyatını itirən 18 əsirin cəsədinin İsrail tərəfinə qaytarılmasını və SAXAL-ın Moraq xəttinin arxasına çəkilməsini ehtiva etdiyini yazıb.