Bosniya və Herseqovinanın müxtəlif bölgələrində meşə yanğınları ilə mübarizə davam edir.
NUHÇIXAN xəbər verir ki, Serbska Respublikasında Trebinye yaxınlığındakı yanğının söndürülməsində helikopter və mülki müdafiə qüvvələri iştirak edir. İki istiqamətə yayılan yanğın ətrafdakı yaşayış məntəqələri üçün təhlükə yaratmır. Leotar dağına doğru yayılan yanğının söndürülməsi əlçatmaz ərazilər səbəbindən çətinləşir.
Bundan başqa, Serbska Respublikası ilə Monteneqro arasındakı sərhəd bölgəsində - Qornyi Çrkviç və Toviçdə meşə yanğınları dörd gündür davam edir. Bölgəyə Monteneqrodan da mülki müdafiə qüvvələri göndərilib. Güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olur.
Həmçinin Srebrenitsa yaxınlığında, Drina kanyonunda da əlçatmaz ərazilərdə meşə yanğınları baş verib. Külək yanğını gücləndirib, qayalıqlar boyu yayılmasına səbəb olub. Yanğının ətrafdakı yaşayış məntəqələrinə çatmaması üçün bütün qüvvələr səfərbər edilib.