İyulun 4-də ABŞ-ın Texas ştatının Hill-Kantri bölgəsinin mərkəzi hissəsində dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı çərşənbə axşamı azı 109 nəfərə çatıb, onların əksəriyyəti uşaqlardır. Cümə günü səhər saatlarında bölgəyə yağan leysan yağışları zamanı Qvadelupa çayı hövzəsini su basıb.
NUHÇIXAN xəbər verir ki, ştatın qubernatoru Qreqq Ebbottun açıqladığı rəqəmlərə görə, xilasedicilər ABŞ-da son onilliklərin ən ölümcül daşqınlarından birindən dörd gün sonra taleyi məlum olmayan 180-dən çox insanı axtarırlar.
Həlak olanların əksəriyyəti və daha çox zərərçəkənin axtarışı Kerr qraflığında və fəlakət zonasına çevrilmiş 25 min əhalisi olan Kerrvil şəhər dairəsində cəmləşib.
Texas qubernatoru Qreqq Ebbott ərazini hava ilə müşahidə etdikdən sonra gecə saatlarında keçirilən mətbuat konfransında bildirib ki, çərşənbə axşamına olan məlumata görə, təkcə Kerr dairəsində 94 cəsəd tapılıb, onların təxminən üçdəbiri uşaqlardır.
Kerr qraflığında ölənlər arasında Hant yaxınlığındakı Qvadelupa çayının sahilində yerləşən qızlar üçün təxminən bir əsrlik “Mistik” xristian yay düşərgəsində olan 27 azyaşlı və müəllim, də var idi. Düşərgə direktoru da həlak olub.
Qubernatorun sözlərinə görə, iyulun 8-də beş qızın və düşərgə rəhbərinin, habelə düşərgə ilə əlaqəsi olmayan daha bir uşağın taleyi haqqında məlumat əldə etmək hələ də mümkün olmayıb.
Çərşənbə axşamına olan məlumata görə, həlak olanların ümumi sayı 109 nəfərə çatıb. Amma hakimiyyət orqanları bəyan ediblər ki, suyun səviyyəsinin azalması ilə qurbanların sayının artacağına hazırlıq görülür, onların axtarışı isə daha sürətli templərlə aparılır.
Alimlər təsdiq edirlər ki, ekstremal daşqınlar daha tez-tez baş verir, çünki iqlim dəyişikliyi Texasda və ölkənin başqa yerlərində çox isti və rütubətli hava şəraitinə səbəb olur.