Təkcə bu ilin əvvəlindən Türkiyədə 3282 meşə yanğını baş verib ki, onların dörddəbiri (862 hadisə) son 13 gündə qeydə alınıb. Bütün yanğınlar nəzarət altına alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-da Ankarada Ədalət və İnkişaf Partiyasının (AKParti) parlament fraksiyasının iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iqlim böhranının nəticələri dünyada və regionda getdikcə güclənərək hiss olunur və yanğınlar ölkənin müxtəlif regionlarının əhalisinə ciddi mənfi təsir göstərir.
“Yanğınsöndürmə işlərinə 27 təyyarə, 105 helikopter, 6 min ədəd müxtəlif texnika cəlb olunub”, - deyən Prezident Ərdoğan meşə yanğınları ilə mübarizədə həyatlarını riskə atan yanğınsöndürmə briqadalarının 25 min əməkdaşına və könüllülərə təşəkkürünü bildirib.
Siyasətçi xatırladıb ki, Türkiyə iqlim dəyişikliyi ilə bağlı Paris Sazişinə qoşulub və bu gün ölkə tarixində ilk iqlim qanunu qüvvəyə minib. “Yeni tənzimləmə sayəsində təbii fəlakətlərdən dəyən ziyan minimuma endiriləcək, havanın çirklənməsinin miqyası azalacaq”, - deyən dövlət başçısı hökumətin “təmiz texnologiyalar”ın geniş tətbiqini fəal şəkildə stimullaşdıracağını vurğulayıb.
Türkiyə lideri qeyd edib ki, Türkiyənin iqlim qanunu fermerlərin xərclərini artırmaq deyil, ətraf mühiti qorumaq məqsədi ilə hazırlanıb.
Prezident Ərdoğan çıxışında terrorla mübarizə mövzusuna da toxunub. “Terrorun “qanlı buxovlarını” ölkədən atmaqda qərarlıyıq. Qazananlar arasında Türkiyə də olacaq”, -deyən Ərdoğan “Terrorsuz Türkiyə” hədəfinə çatmaq yolunda tez bir zamanda müsbət xəbərlər gözlədiyini, daha sonra isə “Terrorsuz region” konsepsiyasının həyata keçiriləcəyini açıqlayıb.