Fransada son bir ay ərzində iki deputatın intihar etməsi cəmiyyətdə böyük əks-səda doğurub. Ancaq intihar hallarına yalnız parlamentarilər arasında rast gəlinmir. Bu ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Baş İdarəsinin hesabatına görə, yanvar ayından indiyədək vergi idarəsinin 13 əməkdaşı intihar edib, daha səkkiz nəfər isə buna cəhd göstərib. İntihar edənlərin dövlətin maliyyə sektorunda daha çox olduğu bildirilir.
NUHÇIXAN xəbər verir ki, iyulun 9-u Fransanın Maliyyə Nazirliyində intiharlarla əlaqədar həmkarlar ittifaqlarının nümayəndələri ilə xüsusi toplantı keçirilir. Məqsəd intiharların sayının artmasının səbəblərini təhlil etməkdir.
“Solidaires Finances Publiques” həmkarlar ittifaqının nümayəndəsi Sandra Demark intihar və ya buna cəhd edənlərin sayının artdığını deyib.
Məlumata görə, intiharların səbəblərindən biri kreditlərlə bağlıdır. Bundan başqa, intiharlara şəxsi məsələlərin də səbəb olduğu qeyd edilir. Vurğulanır ki, xüsusilə ahıl kişilər və gənc qadınlar arasında intihar halları artır. 2022-ci ildə intihar edən 9 min 200 nəfərin dörddə üçü kişi olub. Bu göstərici əvvəlki illə müqayisədə 3,3 faiz çoxdur.