Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib ki, ABŞ-ın Texas ştatının 100-dən çox insanın həyatına son qoyan ölümcül daşqınlar sürətlə başlayan təhlükənin dağıdıcı gücünü və erkən xəbərdarlıqların hətta gecəyarısı da həssas əhaliyə çatmasını təmin etmək kimi vacib problemi vurğulayıb.
NUHÇIXAN BMT-nin məlumatına istinadla xəbər verir ki, ÜMT bu faciənin ekstremal yağışlar, xəbərdarlıqların yayılması və ictimaiyyətin hazırlığı ilə bağlı artan qlobal çağırışları bir daha diqqətə çatdırıb.
“Fövqəladə daşqınlar təbii fəlakətlərin ən ölümcül formalarından biridir. Məlumatlara görə, sel və daşqınlar hər il 5 mindən çox insanın ölümünə və 50 milyard dollardan çox iqtisadi zərərə səbəb olur. Sürətli daşqınlar insanlara və müvafiq strukturlara reaksiya vermək üçün çox məhdud vaxt qoyur. Bu, dəqiq qısamüddətli proqnozlaşdırma və icma hazırlığının vacib olduğunu göstərir”.
ÜMT bildirir ki, fövqəladə daşqınlar yenilik deyil, lakin onların tezliyi və intensivliyi bir çox regionlarda sürətli urbanizasiya, torpaqdan istifadənin dəyişməsi və iqlimin istiləşməsi səbəbindən artır. Getdikcə istiləşən atmosfer daha çox nəm saxlayır və bu, ekstremal yağış hadisələrinin intensivliyini artırır. 2022-ci ildə Pakistanda baş verən daşqınlar 1700-dən çox insanın həyatına son qoyub və milyonlarla ölkə sakinini didərgin salıb. 2024-cü ildə Avropa, Yaxın Şərq və Afrikadakı daşqınlar iqtisadiyyata 36 milyard dollar zərər vurub. Bu həftə Nepal-Çin sərhədində baş verən daşqın iki ölkəni birləşdirən əsas körpünü dağıdıb.
Məlumatda qeyd olunur: “ÜMT dövlətlərə bu cür təhlükələri proqnozlaşdırmaqda kömək etmək məqsədilə 70-dən çox ölkədə istifadə olunan real vaxt rejimində proqnozlaşdırma platforması olan “Flaş Flood Guidance System”dən istifadə edir. O, yerli daşqın təhlükələrini aşkar etmək üçün peyk məlumatlarını, radar və hava modellərini birləşdirir, o cümlədən milli potensialın yaradılması üzrə təlim proqramlarını dəstəkləyir.
Texnologiyadan əlavə, ÜMT milli potensialın yaradılması, ekspertlərin sertifikatlaşdırılması və proqnozlaşdırma agentlikləri ilə fəlakət menecerləri arasında real vaxt koordinasiyasını asanlaşdırılması istiqamətində proqram və layihələr həyata keçirir”.